Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir.
Trend xəbər verir ki, “BakıKart” plastik kartlarını idarə etmək
və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib.
Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya,
“BakıKart” plastik kartların balansını artıra və gediş haqqını
ödəyə bilərlər.
Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə
kifayətdir.
İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.
Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR
bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə
vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan
istifadə prosesini sadələşdirir.
“BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin
edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki,
www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər
üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifrəni
daxil etməklə mobil tətbiqdən yararlana bilərlər.
“BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm
də “Google Play Store”da yükləmək mümkündür.
Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla
və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar
olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq
vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə
bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək
mümkündür.