Bakı. Trend:
“Twitter”in ödənişli abunə sistemi olan “Twitter Blue” bir çox faydalı xüsusiyyətlərə malikdir. Onlardan biri simvol limitini artıraraq uzun tvit yazmağa imkan verən funksiyadır. Şirkət əvvəlcə ödənişli abunələr üçün limiti 280-dən 4000-ə qədər artırdı. Bir neçə ay əvvəl bu hədd daha da artırılaraq 10 min simvola çatdırıldı.
Trend-in məlumatına görə, bu gün yenidən dəyişikliklərin edildiyi açıqlanıb. İndi “Twitter Blue” abunəçiləri daha uzun tvit yaza biləcəklər.
“Twitter” platformada elan etdi ki, istifadəçilər artıq 25.000 simvola qədər tvit yaza bilərlər. Xüsusiyyəti ilk olaraq “Twitter” əməkdaşı Prachi Poddar elan edib. O, 25.000 simvolluq bir tvit paylaşaraq bu xüsusiyyətin necə görünəcəyini nümayiş etdirib.
25 000 simvol limiti ilə yanaşı, “Twitter” birbaşa tvitlər və mətnlər arasında əlavə edilə bilən şəkillərin maksimum sayını da artırıb. İstifadəçilər 25.000 simvoldan ibarət tvitlərinə dörd şəkil əlavə edə biləcəklər.
Qeyd edək ki, bəhs edilən xüsusiyyətlər yalnız “Twitter Blue” abunəçiləri tərəfindən istifadə edilə bilər.