Bakı. Trend:
Azərbaycanın Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirilib. Tədbirdə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik də iştirak edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Teymur Musayev vurğuladı ki, İsrail nümayəndələri ilə davamlı görüşlər ölkələrimiz arasında əlaqələrin və dostluq münasibətlərin getdikcə möhkəmlənməsinə töhfələr verəcək. Nazir şəkərli diabetdən əziyyət çəkən uşaq və yeniyetmələr üçün İsraildə yay düşərgəsinin təşkil olunanmasını humanizm prinsiplərinə əsaslanan bir addım kimi yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin uşaqların və yeniyetmələrin sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı da vurğulanıb: “Bu qayğının nəticəsi olaraq son illərdə uşaqların yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır”.
Nazir, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əhalinin, xüsusilə uşaq və yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirib: “Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların və yeniyetmələrin sağlamlığının qorunması, o cümlədən şəkərli diabetdən əziyyət çəkənlərin müalicə və reabilitasiyasına dəstəyin göstərilməsidir”.
Yay düşərgəsinə yollanan yeniyetmələrə yaxşı yol arzulayan Teymur Musayev bu səfərin onların yaddaşlarında xoş xatirə kimi qalacağını, eyni zamanda sağlamlığlarının bərpasında da vacib rol oynayacağını bildirdi: “Hər bir insan həyatda müxtəlif sınaqlarla üzləşir. Həyat payınıza düşən bu sınaq sizi daha əzmkar və mübariz olmağınıza sövq edir. Qarşınızdakı məqsədlərə nail olmaq üçün gələcəyə nikbin baxmaq vacibdir”.
Sonda səhiyyə naziri gələcəkdə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan belə tədbirlərin qarşılıqlı şəkildə ardıcıl olaraq hər iki dövlətdə təşkil olunmasının zəruriliyini diqqətə çatdırdı.
Öz növbəsində səfir Corc Dik Azərbaycanda uşaqlara dövlət tərəfindən göstəriləni qayğını yüksək qiymətləndirdi. Qeyd edildi ki, beynəlxalq müstəvidə həyata keçirilən bu layihədə iştirak etmək üçün ilk olaraq azərbaycanlı uşaq və yeniyetmələr seçilib.
Səmimi qəbula görə minnətdarlığını bildirən yeniyetmələr
dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Bildirilib
ki, yay düşərgəsi səhhətlərinin bərpasında vacib rol oynayacağı ilə
yanaşı, onların dünyabaxışlarının inkişafında, habelə xatirələrində
xoş tarix kimi qalacaq.
Sonda xatirə şəkli çəkdirildi.