Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 20-də Laçının Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
Trend xəbər verir ki, Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 91 nəfər kənd sakininin yurd həsrəti bitib.
Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin Zabuxun mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə lazımi şərait yaradılıb.