...

Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2023 18:33 (UTC +04:00)
Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun xatirəsi yad edilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Mənim necə biri olduğumu bilmək istəyirsinizsə, filmlərimə baxın", - Rasim Ocaqov bir vaxtlar belə deyib...

Sənətkarın filmləri isə parlaq, səmimi, gerçək, mənəviyyat, dürüst olmağı bacarmaq, həqiqəti seçmək imkanı haqqındadır.

Onun qəhrəmanları sadə insanlardır, ətrafımızdadır və Rasim Ocaqov onlarda işığı, hər bir izləyicinin ürəyini isidən və isidəcək işartını görüb. O bizə "Ad günü"nü hədiyyə edib, "Hava məbədi"nin yolunu göstərib, "İstanbul hekayəsi"ni danışıb, bizi "Təhminə"nin yaşadığı beşmərtəbəli evin altıncı mərtəbəsinə qaldırıb...

Bu gün, 22 noyabr 2023-cü il tarixində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Şöhrət ordeni kavaleri, görkəmli kinorejissor, əsl vətəndaş, Sənətkar, öz işinə, ideal və prinsiplərinə bütün qəlbi ilə sadiq olan Rasim Ocaqovun anadan olmasının 90 ili tamam olur.

Rasim Ocaqovun doğmaları və yaxınları, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və rejissorun dostları bu gün Sənətkarın 2-ci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə güllər düzüblər.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında bu gün Azərbaycan kinosunun ustadı, Xalq Artisti, görkəmli kinorejissor Rasim Ocaqovun anadan olmasının 90 illiyinin tamam olduğunu qeyd edib.

Murad Hüseynov rejissorun Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi mühüm töhfəni vurğulayıb. Rasim Ocaqovun yaradıcılığı doğma kino tariximizdə xüsusi bir mərhələdir. Onun ərsəyə gətirdiyi filmlər əsl incəsənət nümunəsi olmaqla kinematoqrafiyamızın "Qızıl Fondu"na daxil olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova Rasim Ocaqovun "Ad günü" və "İstintaq" filmlərindəki işi ilə bağlı xoş xatirələrini bölüşüb.

"Bu gün biz Rasimi ziyarət etməyə gəlmişik... Onun 90 yaşı tamam olur... İllər ötəcək, Rasim Ocaqovun anadan olmasının 95, 100 ili tamam olacaq, onun filmlərini isə müxtəlif nəsillərdən izləyicilər yenə də sevərək izləyəcək. Mən sonsuz minətdaram ki, taleyimdə, həyatımda, bioqrafiyamda Rasim Ocaqov olub. Minnətdaram ki, biz birlikdə yaratmışıq, ərsəyə gətirmişik, o mənə kinodakı bu obrazları bəxş edib. Biz xoşbəxt günlər də, çətin günlər də görmüşük və bunlar ən gözəl günlər idi. Mən onu daima xatırlayıram, imkan olan kimi bura gəlirəm...

Rasim Ocaqov kinooperator, kinorejissor olaraq milyonların qəlbini fəth edən filmlər ərsəyə gətirib. Çox təəssüf ki, o, bu həyatdan köçdü və bu dövrü özü ilə apardı...", - Şəfiqə Məmmədova deyib.

Tanınmış aktyor, Xalq Artisti Fəxrəddin Manafov bildirib ki, hər dəfə bura gələndə qəlbində nisgilli, yağmurlu bir gün yer alır.

"Əfsuslar olsun ki, heç nə əbədi deyil... Ancaq mənim parlaq taleyim olub, tale hər kəsin üzünə belə gülmür. Bəli, sənətə gəlmək, teatrda oynamaq, filmlərdə çəkilmək olar, lakin bir də belə bir postulat var: doğru zamanda doğru yerdə olmaq. Mənim taleyimdə bu baş verdi... Rasim Ocaqovla görüşdüm. Bəli, mən aktyor olardım, lakin Rasim Ocaqov mənim həyatımı tamamilə dəyişdi. Mən onun altı filmində çəkilmişəm. Bir şeyi dəqiq bilirəm: Rasim Ocaqovun mənə bəxş etdiyi o kino bayramı bir daha olmayacaq. Yaş da, zaman da, baxışlar da həminki deyil...", - Fəxrəddin Manafov sonda deyib.

Tanınmış teatr və kino aktyoru, Xalq Artisti Hacı İsmayılov rejissorun kino əsərlərində əksini tapan insani keyfiyyətlərindən və prinsiplərindən bəhs edib.

"Gözəl filmləri ilə yanaşı, Rasim Ocaqov çox gözəl insani keyfiyyətlərə də malik idi. Elə indi də o bizim hamımızı bir araya toplayıb, bir-birinə yaxın, doğma insanlar edib. Mənim həyatımda, yaradıcılığımda və taleyimdə Rasim Ocaqov böyük rol oynayıb. Dostum Fəxrəddin Manafovun dediyi kimi, bəli biz aktyor olardıq, amma Rasim Ocaqovla görüşməsəydik necə aktyorlar olardıq... Çox yaxşı xatırlayıram, 1976-cı ildə Rasim Ocaqov mənə yeni filmi üçün fotosınaqlardan keçməyi təklif etdi. Bu təklifi eşidəndə necə sevinmişdim, necə həyəcanlanmışdım. Beləliklə, mən özüm üçün Rasim Ocaqov dünyasını kəşf etdim, onun peşəkar və insani keyfiyyətləri ilə tanış oldum, əsl kinonu necə çəkməyi öyrəndim. Bu, böyük məktəbdir və o mənim müəllimim olub. Biz onu heç vaxt unutmayacağıq, onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq", - Hacı İsmayılov deyib.

Kinorejissor, Azərbaycanın xalq artisti Oqtay Mirqasımov çıxışında qeyd edib ki, doğma kinematoqrafiyamızın mühüm dövründən, inkişaf vektorundan, xüsusiyyətlərindən bəhs etsək, şübhəsiz, Rasim Ocaqovdan danışmaq lazımdır.

"O, Azərbaycan kinematoqrafiyasının yeni istiqamətini, dilini müəyyən edib. Onun kino əsərlərinə diqqətlə baxdıqda burada rejissorun daxili aləmini, səmimiyyətini əks etdirən müəyyən ab-havanın, auranın olduğunu görərik. Şübhəsiz, bu filmlər bir-birini təkrarlamır, lakin biz onlarda Rasim Ocaqovu görürük. Onun sənətə, kinoya sevgisini, həyat prinsiplərini, dostluğunu daima xatırlayacağıq. Onun yeri çox görünür", - deyə Oqtay Mirqasımov vurğulayıb.

Aktrisa, Əməkdar Artist Gülzar Qurbanova Rasim Ocaqovun adının Azərbaycanın kino salnaməsinə, mədəniyyət və incəsənətimizə qızıl hərflərlə həkk olunduğunu bildirib.

"O mənim kinodakı taleyimi dəyişdi, kinematoqrafiyanın xüsusiyyətlərini üzə çıxarıb. Rasim Ocaqov kinoda mənim mənəvi atam olub. Baxmayaraq ki, o indi bizimlə deyil, daima xatirəmizdə, qəlbimizdədir. Onun filmləri sərvətdir, nümunədir bizim üçün", - vaxtilə Rasim Ocaqovun "Hava məbədi" filmində rol alan Gülzar Qurbanova deyib.

Aktrisa, Xalq Artisti Xalidə Quliyeva Rasim Ocaqovun hər bir filminin hadisəyə çevrildiyini deyib.

"Rasim Ocaqov kinoya öz həqiqətini, rəngini, reallığını gətirib. Onun filmlərində yalan yox idi. O bir çox aktyorların sənəti üçün "yaşıl işıq" yandırıb", - deyə Xalidə Quliyeva əlavə edib.

Kinorejissor, Azərbaycanın Xalq Artisti Vaqif Mustafayev Rasim Ocaqovla tanışlığından bəhs edib.

"Mən onunla "Qatır Məmməd" ("Gəncəbasarlı qisasçı") filmində tanış oldum. Bundan sonra onunla dostlaşdıq. Mən öz ilk filmimi çəkəndə onu Rasim Ocaqova göstərdim. O məni təbrik etdi və işin çox peşəkar olduğunu dedi. Bu sözlər çox önəmli idi, mən gördüm ki, o təkcə, qurucu, yaradıcı deyil, həm də başqasının işini qiymətləndirə bilən bir insandır", - Vaqif Mustafayev deyib.

Doğum günün mübarək, Ustad! Çıxış edənlərin bir çoxu sevimli rejissor, Sənətkar, müəllim və dost haqqındakı xatirələrini bu sözlərlə bitirib...

Bu ifadədə onların Rasim Ocaqovun gedişi ilə barışmadıqları, illər ötsə də, onun üçün darıxacaqları, yenə də onunla həyat, iş, kino haqqında danışmaq istədikləri hiss olunurdu...

Ocaqov Rasim Mirqasım oğlu 22 noyabr 1933-cü ildə Şəkidə anadan olub.

1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. 1956-cı ildə Azərbaycan Teatr İnstitutunu bitirib.

Azərbaycan Dövlət mükafatı laureatı ("Ad günü" filmi), SSRİ Dövlət mükafatı laureatıdır ("İstintaq" filmi).

Rasim Ocaqov kinooperator olaraq "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində" və digər filmlər üzərində işləyib.

Rasim Ocaqovun rejissor kimi çəkdiyi ilk film "Gəncəbasarlı qisasçı" olub.

Rasim Ocaqov milli kino salnaməsinin unudulmaz səhifələri olan əsərlərin rejissorudur. Bunların arasında "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Hava məbədi", "Qətldən yeddi gün sonra", "Həm ziyarət, həm ticarət", "Otel otağı" filmləri var.

Rasim Ocaqov 11 iyul 2006-cı ildə vəfat edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti