Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 30 ailə - 121 nəfər köçürülüb. Bununla da Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.