Bakı. Trend:
Bu gün ölkəmiz sosial sahədə hər bir vətəndaşının yanındadır, güclü orduya, güclü iqtisadiyyata sahibiksə, buna görə Prezident İlham Əliyevə borcluyuq.
Bu barədə Trend-ə açıqlamasında 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu Samir Abbasov deyib.
O qeyd edib ki, bu gün dövlətimiz tərəfindən qazilərə və veteranlara yüksək diqqət və qayğı göstərilir:
"Şübhəsiz ki, bu, Ali Baş Komandanın ordu quruculuğu sahəsində apardığı yüksək fəaliyyətin nəticəsidir. İkinci Qarabağ müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Düşmənin məğlubedilməz ordu mifi 44 gündə darmadağın edildi. Mən özüm Tərtər rayonunun Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
Bu gün çox şadam ki, bu il aparılan antiterror tədbirləri nəticəsində isə ölkəmiz tam şəkildə suverenliyinə qovuşdu. Hazırda ordumuzda tam təminat var, istər hərbçilərin, istərsə də ehtiyatda olan hərbi qulluqçuların qayğısına qalınır. Buna görə dövlətimizə minnətdarıq və hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırıqlarını icra etməyə hazırıq", - deyə o əlavə edib.