Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.
"Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi
törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin
bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu
dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin
mövqelərinin koordinatlarını da qeyd edib.
Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş
açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək
üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib", -
məlumatda vurğulanıb.