Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi “Son Zəng”lə bağlı müraciət yayıb.
BDYPİ-dən Trend-ə verilən məlumatda bildirilir ki, ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda şagirdlər “Son zəng” günü valideynlərinə, yaxud qohumlarına məxsus avtomobillərdən istifadə edərək əyləncə məqsədilə sükan arxasına əyləşirlər.
“Lakin unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.
Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Təəssüf ki, bəzən səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.
Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və cəmiyyətimiz üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.
Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq!”, - deyə məlumatda qeyd edilib.