...

Könüllülük fəaliyyəti gənclərin fərdi inkişafına və gələcək karyera imkanlarına müsbət təsir göstərir - Həmid Nəsibov

Cəmiyyət Materials 21 Oktyabr 2024 11:46 (UTC +04:00)
Könüllülük fəaliyyəti gənclərin fərdi inkişafına və gələcək karyera imkanlarına müsbət təsir göstərir - Həmid Nəsibov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı:Trend:

Həyata keçirilən fəaliyyətlər, gənclər və könüllülük təşkilatlarının cəmiyyətin inkişafına verdiyi önəmli töhfələri bir daha sübut edir. Bu fəaliyyətlər, yalnız sosial məsuliyyətin yerinə yetirilməsi ilə məhdudlaşmır, həm də gənclərin vətənpərvərlik ruhunu gücləndirir, onların vətəndaşlıq borcunu daha dərindən dərk etmələrinə imkan yaradır. Könüllülər cəmiyyətdə mühüm rol oynayaraq, müxtəlif sahələrdə həyata keçirilən sosial və humanitar layihələrdə fəal iştirak edir, ehtiyacı olan insanlara dəstək verir və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verirlər. Bu cür fəaliyyətlər, eyni zamanda, gənclərin fərdi inkişafına və gələcək karyera imkanlarına müsbət təsir göstərir, onların liderlik bacarıqlarını və təşkilatçılıq səriştələrini artırır.

Trend xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov oktyabrın 21-də keçirilən IV Hesabat - Seçki konfransında çıxışı zamanı deyib.

H.Nəsibov bildirib ki, könüllülər tərəfindən nümayiş etdirilən fədakarlıq və səriştə həm milli, həm də beynəlxalq miqyasda öz əksini tapıb:

“Könüllülər ilk dəfə olaraq genişmiqyaslı şəkildə Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərib, Prezident İlham Əliyevin çağırışına cavab olaraq qısa zamanda Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yardıma səfərbər olublar. Bu könüllülük hərəkatı Türkiyədə qardaş xalqımıza göstərilən yardımın təşkilində mühüm rol oynayıb və orada baş ucalığı ilə öz vəzifələrini yerinə yetiriblər”.

“Azad olunmuş ərazilərə qayıdışı təşviq etmək məqsədilə başladılan “Qayıdış” könüllü proqramı da əhəmiyyətli nəticələr verib və bu layihə bölgənin bərpası və yenidən qurulması prosesində mühüm rol oynayıb. Bu proqram çərçivəsində gənclər, öz təşəbbüsləri və könüllü əməkləri ilə azad edilmiş torpaqlara qayıdan ailələrə dəstək olublar. Bu təşəbbüs, azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin sürətləndirilməsinə və həmin ərazilərin iqtisadi və sosial inkişafına öz müsbət təsirini göstərir. Gənclərin bu proqramda iştirakı onların doğma torpaqlara bağlılığını daha da gücləndirir, vətənpərvərlik hisslərini artırır və ölkənin hərtərəfli inkişafına sadiqliklərini nümayiş etdirir”, - deyə Həmid Nəsibov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti