Bakı. Trend:
PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramı istedadlı tələbələrin peşəkar və şəxsi inkişafına dəstək verməyə davam edir. Bir müddət öncə, proqramın 2024-2025-ci tədris ili üçün açılış tədbiri keçirilib.
Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding öz KSM fəaliyyəti çərçivəsində “Əlaçı” təqaüd proqramını tədqim etmişdir.
“Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə
edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan
bir illik təqaüd proqramıdır. 2024-2025-cü tədris ilini əhatə edən
və beləcə artıq üçünçü dəfə təşkil olunan “Əlaçı” proqramı
çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına
yönəlmiş tədbir və təlimlər təşkil olunur.
Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı
2380-dən çox, proqrama seçilən tələbələrin sayı isə 110 nəfər
təşkil etmişdir. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu,
oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası,
netvörkinq görüşləri və PAŞA Holding, eləcə də PAŞA Sığorta
şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil ediləcək. Bu
tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də
karyera inkişafını əhatə ediləcək.