Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılıb.
Daha sonra azərbaycanlıları həmrəyliyə səsləyən video çarx nümayiş olunub.
Danimarkada yaşayan azyaşlı soydaşlarımıza bayram hədiyyələri verilib.