Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin iştirakı ilə Yeni Həyat qəsəbəsində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Yeni Həyat İnzibati Ərazi Dairəsi üzrə nümayədələriyinə daxil olan Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri və qış mövsümündə təbii qazın təzyiqinin artırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.