Bakı. Trend:
ADA Universitetinin İxtisasartırma Proqramı 2025-ci ilin ilk təlim
proqramına Azərbaycan Respublikası Mərkəzi Bankı ilə start
verib.
Trend xəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb.
Bildirilib ki, yanvarın 16-sı ADA Universitetində Mərkəzi Bankın
rəhbər heyətinin növbəti qrupu üçün "Liderlik səriştələri üzrə
təlim proqramı"nın açılış mərasimi keçirilib.
Açılışda akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və onun
müşaviri Aygün Hacıyeva, eləcə də Mərkəzi Bankın sədrinin
müavinləri Gülər Paşayeva, Əli Əhmədov və baş direktoru Fuad İsayev
çıxış ediblər.
Çıxışçılar vurğulayıblar ki, sürətlə dəyişən iş mühitinin
tələblərinə uyğunlaşmaq peşəkar mühitdə çevik, strateji,
nəticəyönümlü yanaşmanı və daimi öyrənməni iş prosesinin bir
hissəsinə çevirməyi tələb edir. Bu baxımdan, hərtərəfli tədris
proqramlarına və müasir təlim metodlarına malik olan ADA
Universiteti peşəkarların akademik və qeyri-akademik müstəvidə
inkişafını dəstəkləyir.
Qeyd edilib ki, proqramın bu il də davam etdirilməsi onun
əməkdaşların inkişafına qatdığı əlavə dəyərdən, təlim-tədris
metodologiyasının keyfiyyətindən və komanda üzvlərinin ortaq və
fərqli fikirlərini bölüşmələri üçün əlverişli platforma təqdim
etməsindən xəbər verir.
Əlavə edilib ki, İxtisasartırma Proqramı vasitəsilə yerli və xarici
peşəkarları, dövlət və özəl sektor nümayəndələrini bir araya
gətirən ADA Universiteti həm ölkəmizdə gedən müxtəlifyönlü
islahatları dəstəkləyir, həm də beynəlxalq ekspertlərin uğurlu
təcrübələrini bizimlə bölüşmələri üçün əməkdaşlıq və təcrübə
mübadiləsini təmin edir.
Qeyd edək ki, ötən il 44 nəfər iştirakçı ilə başlayan sözügedən
proqram bu ilin may ayınadək ümumilikdə 75 nəfər əməkdaşı əhatə
edəcək.
Onlar beyin fırtınası, real hadisə analizləri və simulyasiyalarda iştirak edəcəklər. 9 modul üzrə 54 saatadək tədris müddətini əhatə edəcək proqram zamanı iştirakçılar liderlik bacarıqlarının inkişafı, biznes etikası, emosional zəka, liderlik kommunikasiyası, proseslərin idarəolunması, qərar qəbulu, dəyişikliklərin idarəolunması, böhran vəziyyətlərinin idarəolunması və böhran kommunikasiyası və strateji idarəetmə kimi mövzularda bilik və bacarıqlarını artıracaqlar.