...

85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

Cəmiyyət Materials 23 Yanvar 2025 20:39 (UTC +04:00)
85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfrans təşkil olunub. 2024-cü ilin yekunlarına həsr olunan videokonfransda xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin, elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, 2024-cü ildə həyata keçirilən layihələr barədə məlumat verib, diaspor quruculuğunun uğurla davam edən yeni və mühüm mərhələsindən danışıb, bu sahəyə töhfələr verən soydaşlarımıza təşəkkür edib.

Bildirilib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimi birləşib, ölkəmizin nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədri qeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edən yüzlərlə soydaşımızın biryerdə olması onların hər zaman dövlətimizin yanında olmalarının göstəricisidir və bu, güclü Azərbaycanın güclü diasporunun formalaşdığının ən bariz nümunəsidir.

Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısa videohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı geniş və maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub.

Ötən il diaspor quruculuğu sahəsində qazanılan saysız uğurlardan danışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını, diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılması yolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib, diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlı təkliflərini səsləndiriblər.

Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılması sahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqət çəkiblər. Belə geniştərkibli konfransın təşkil olunmasının icmalararası münasibətlərin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Ənənə halını alan videokonfransı diaspora müasir konseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimi qiymətləndiriblər.

Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin ifaları səslənib, icma üzvlərinin, Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığı videomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterial iştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarla qarşılanıb.

Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub.

Konfrans iştirakçıları Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.

Videokonfrans icma üzvlərinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti