Bakı. Trend:
2020-ci ilədək məktəblərdə psixoloq sayı şagird sayına kifayət edəcək səviyyədə deyildi. Amma indi məktəblərdə 1000 nəfər şagird sayına qədər bir psixoloq, 1000-3000 min arası şagird sayına görə iki, 3 mindən çox şagirdi olan məktəblər üzrə isə 3 psixoloq fəaliyyət göstərir.
Trend xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev “Dəyişiklik səndən başlayır! Ümumtəhsil məktəblərində bullinqlə mübarizə” adlı layihənin təqdimat mərasimində deyib.
O bildirib ki, sevindirici xəbər ondan ibarətdir ki, 2024-2025-ci il üzrə tədris ilində pilot məktəblərdə bullinqlə mübarizə adı altında bir sənəd qəbul edilib: "O sənəddə pilot layihələr çərçivəsində bullinqin müəyyən olunması və onun qarşısının alınması məsələləri öz əksini tapıb.
Bundan başqa, 2020-ci ildə verilmiş əmrə əsasən, məktəblərimizdə
psixoloq sayı artırılmalıdır. Belə ki, 2020-ci ilədək məktəblərdə
psixoloq sayı şagird sayına kifayət edəcək səviyyədə deyildi. Amma
indi məktəblərdə 1000 nəfər şagird sayına qədər bir psixoloq,
1000-3000 arası şagird sayına görə iki, 3 mindən çox şagirdi olan
məktəblər üzrə isə 3 psixoloq fəaliyyət göstərir. Psixoloq sayı nə
qədər çox olarsa, şagirdlərlə iş görmək məsələsi bir o qədər
genişlənir".
"Bundan əlavə, psixoloqların davamlı olaraq peşəkar inkişafının
təminatı məsələsi ilə bağlı həm Təhsil İnstitutu, həm də digər
qrumlar müxtəlif layihələr təqdim edir. Psixoloqlar bu prosesdən
faydalanmaqla bullinq və digər ciddi problemlərlə mübarizə aparmaq
güclərini genişləndirirlər", - deyə o qeyd edib.