Bakı. Trend:
Bu gün Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib.
Trend xəbər verir ki, tədbir vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Himninin səsləndirilməsinin ardından Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri açıq elan edərək bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır. Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən-nəslə ötürülməsinin məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışı zamanı gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində aktiv iştirakının əhəmiyyətini vurğulayıb.
Millət vəkili gənclərin təhsil həyatında önəm daşıyan xaricdə
təhsillə bağlı Dövlət Proqramlarından da bəhs edib. O bildirib ki,
təkcə ötən il 300-dək tələbə bu proqramlardan yararlanıb və onların
bütün xərclərini dövlət öz üzərinə götürüb.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin
Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov çıxışında
gənclərin günümüzün aparıcı-lokomotiv qüvvəsi olaraq Qərbi
Azərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarının
vacibliyini qeyd edib. Şahin İsmayılov bildirdi ki, gənclərin istər
təmsil olunduqları platformalar, istər sosial media, istərsə də
digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən
əsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləri
çatdırmaları, aparılan işdə önəmli rola malikdir.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təmsil etdiyi
təşkilatın Qərbi Azərbaycan İcması ilə birlikdə bu istiqamətdə
gördüyü fəaliyyətə toxunub, gənclərin, təşkil edilən bütün
tədbirlərdə aktivlik göstərdiyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının aktiv üzvü Həsən Əhmədov və Fidan
İbrahimova çıxışlarında öz timsallarında gənclərin üzərinə Qərbi
Azərbaycan məsələsi ilə bağlı düşən məsuliyyəti anladıqlarını
vurğulayıb, gənc nəsil olaraq bu müqəddəs amalla əlaqədar bütün
güclərini sərf etməyə davam edəcəklərini bildiriblər.
Daha sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gəncin eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatının mükafatlandırılması həyata keçirilib. Ardınca İcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.