Bakı. Trend:
Qloballaşan, mənəvi işğal və təcavüzdə ehtiva olunan, insan haqları və demokratiya adı altında milli kimliklərə təcavüz olunan bir dövrdə Azərbaycan sözün əsl mənasında təhlükəsizlik adası kimi öz dəyərlərini ideoloji risklərdən qoruya bilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, cəmiyyətdə bir sıra hallarda bu məsələyə baxışda qüsurlar müşahidə olunur.
Milli dəyər yalnız ənənələr, musiqi, mətbəx deyil. Milli dəyər həm də bizim tarixən formalaşan ideallarımızdır, məsələn müəllim idealı.
"Yaxşı, bəs bu gün sosial media və bütövlükdə mediada müəllim idealı nə dərəcədə qorunur? Çox təəssüflər olsun ki, bu gün müəllim linç obyektinə çevrilib. Problemlər bütün sahələrdə var, o cümlədən problemli sinifə buraxılmalı olmayan insanlar müəllimliyə yol tapa bilir, amma bu problemlər yerində həllini tapmalıdır, bir-iki problem fonunda müəllum kultunu zədələməməliyik.
Kənd məktəbində iki müəllimin mübahisəsi, yaxud hansısa bir müəllimin hər hansı pozuntu törətməsinin media səhifələrində yayımlanması bu cəmiyyətə heç nə vermir, amma müəllim kimliyini yerlə yeksan edir. Bəli, hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə, aidiyyatı məsuliyyətini daşımalıdır, lakin yerində, belə məsələləri ictimailəşdirib müəllimə ehtiram ənənələrinin dağılmasına yol vermək olmaz. Bu mənada hesab edirəm ki, artıq qanunvericilik səviyyəsində müəllim adının mühafizəsi təmin olunmalıdır”, - deyə B.Məhərrəmov qeyd edib.