...

Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır - AQTA

Cəmiyyət Materials 4 Fevral 2025 12:45 (UTC +04:00)
Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır - AQTA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir.

Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir.

Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib.

Qeyd edilib ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti