...

“Avroviziya-2025”də Azərbaycanı “Mamagama” qrupu təmsil edəcək

Cəmiyyət Materials 4 Fevral 2025 21:43 (UTC +04:00)
“Avroviziya-2025”də Azərbaycanı “Mamagama” qrupu təmsil edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.

Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərovanın və media rəhbəri Turab Teymurovun Trend-ə verdiyi məlumata görə, bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək.

2021-ci ildə yaradılan “Mamagama” qrupu rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır. Qrup Azərbaycanın musiqi səhnəsində ən yenilikçi kollektivlərdən biri kimi seçilib və beynəlxalq musiqi festivallarında uğurlu çıxışları ilə fərqlənib. Xüsusilə 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalındakı uğurları diqqət çəkib.

Qrupun tərkibi üç nəfərdən ibarətdir: Asəf (frontmen və əsas vokalçı), Hass (gitara ifaçısı) və Arif (zərb alətləri ifaçısı).

Azərbaycanı təmsil etməkdən danışan Asəf bildirib: “Bu qədər böyük bir səhnədə, Azərbaycanın mədəniyyətini təmsil etmək mənim üçün böyük bir şərəfdir. Doğulduğum torpağa dərin sevgi bəsləyirəm və bu müsabiqə, onun gözəlliyini və ruhunu bütün Avropa ilə paylaşmağım üçün bir fürsətdir. Yaxın zamanda açıqlanacaq mahnımız ölkəmizin ruhunu tam əks etdirir. Biz inanılmaz dərəcədə həyəcanlıyıq. İnanıram ki, çıxışımız yaddaqalan bir təəssürat yaradacaq.”

Bazeldə keçiriləcək 69-cu “Avroviziya” mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək. “Mamagama” birinci yarımfinal mərhələsinin ikinci hissəsində, mayın 13-də səhnəyə çıxacaq.

Xəbər lenti

Xəbər lenti