Bakı. Trend:
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya növbəti humanitar yardım paketi ayırmaq qərarını yüksək qiymətləndirib.
Trend xəbər verir ki, bu barədə Britaniya səfirliyinin X sosial şəbəkəsində paylaşım edilib:
"Biz Azərbaycanın davamlı dəstəyinin bir hissəsi kimi Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsini alqışlayırıq."
Xatırladaq ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən, Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqlarının alınması və göndərilməsi üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Humanitar yardımın ilkin partiyasına elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukraynanın tələbinə əsasən, bu avadanlıqlar müharibədən zərər görmüş ərazilərin enerji infrastrukturunun bərpası üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın Ukraynaya bərpa və humanitar məqsədlərlə göstərdiyi ümumi yardım 40 milyon dolları ötüb. 2025-ci ilə qədər Ukraynaya 120-yə yaxın transformator və komplekt transformator stansiyası, 70-ə yaxın generator, həmçinin 3,3 milyon metrdən çox kabel və naqil göndərilib.