Bakı. Trend:
Vətəndaşlar bələdiyyənin həyata keçirdiyi tədbirlərdə, onun yığıncaqlarında yaxından iştirak etmirlər. Azərbaycanda bələdiyyə-vətəndaş münasibətlərində ciddi nöqsanlar var. Bu nöüsanlar ondan irəli gəlir ki, insanlar bələdiyyənin həyatında yaxından iştirak etmirlər.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, vətəndaşlar bələdiyyəyə maddi-mənəvə dəstək vermirlər:
“Buna görə də müəyyən problemlər ortaya çıxır. Aktların 53 faizinin ləğvi nədən irəli gəlir? Bələdiyyə sədrləri, üzvləri qanunvericiliyin tələblərini yaxşı bilmirlər, öz səlahiyyətləri çərçivəsindən çıxırlar. Bələdiyyənin vəzifəli şəxsi də qanunsuz fəaliyyətə yol verirsə, məhkəməyə çıxırsa, demək, bələdiyyələr hörmətdən düşür. Bizim hər birimiz bələdiyyəyə kömək etməliyik. Ən çox “döyülən” orqan da bələdiyyələrdir”.
Deputat vurğulayıb ki, hesabatda yaxşı bələdiyyələrin adı çəkilmir.
“Bir çox bələdiyyələr var ki, vergilərin yığılmasına, vətəndaşlarla münasibətdə, şəhid ailələrinə köməklikdə yaşıllıqların salınması, abadlıq-quruculuq işlərində yaxından iştirak edirlər. Yaxşı olardı ki, stimul kimi bir neçə yaxşı bələdiyənin adı qeyd edilərdi”, - deyə Tahir Rzayev qeyd edib.