Bakı. Trend:
YAY Qalereyası Səid Şərifin identiklik və özünüifadə mövzularını öz baxış bucağı əsasında araşdıran “Identity Drift” adlı ilk fərdi sərgisini təqdim etdi.
Trend xəbər verir ki, sərgi altıillik dövrü əhatə edən sənədli fotoqrafiya silsiləsini, həmçinin məkana uyğun instalyasiyaları və redi-meyd obyektləri bir araya gətirir.
Ekspozisiyanın ümumi quruluşu qalereyanın interyerindən istifadə etməklə əsərlərin simmetrik və ikihissəli kompozisiyalarını yaradır. Qalereyanın ikinci mərtəbəsində əsas eksponatlar arasında yerli usta ilə əməkdaşlıq çərçivəsində hazırlanmış ənənəvi Qafqaz papaqlarının müasir interpretasiyaları yer alır. “Papaq” silsiləsində təqdim edilən sənət nümunələri tavandan asılmış şəkildə sərgilənir: yarıironik, yarıyumoristik üslubda təqdim olunan bu papaqlar rəssam tərəfindən dekonstruksiya edilərək, müasir incəsənət kontekstində yenidən mənalandırılır. Parıldayan vinil divarlar qalereyada məxsusi guşə formalaşdırır, bu da izləyiciyə deformasiyaya uğramış təsvirlər təqdim edir.
Sərginin digər diqqətçəkən məqamlarından biri “Windy Windshields” (“Küləkli yel şüşələri”) adlı fotolayihədir. Bu bölmə Bakının avtomobil mədəniyyəti və submədəniyyəti ilə əlaqəli arxiv fotoşəkilləri, nəşrləri və müəllif çap materiallarını bir araya gətirir. Bütün qalereya məkanını əhatə edən bu silsilə ekstravaqant qızılı rəngli alüminium çərçivələrdə təqdim olunur. Bu təqdimat avtomobil submədəniyyətinin kitç və oynaq estetikası ilə yanaşı, şəhərin ümumi vizual identikliyi ilə də əlaqə qurur.
Səid Şərifin mədəni irs və submədəniyyətlərin birləşməsinə olan davamlı marağı onun “avtoş” fenomeninə müraciətində də özünü büruzə verir (“avtoş” – ingilis dilində “auto show” ifadəsindən yaranıb). Sərgidə, həmçinin əsas obyekt kimi, avtoşlardan birinə məxsus olan VAZ-21011 “Jiquli” avtomobili təqdim edilir. Bu oynaq instalyasiya vasitəsilə rəssam, populyarlığı 1990-cı illərdən başlayan “avtoşluq” təcrübəsini vurğulayır. O illərin sosial-mədəni dəyişiklikləri fonunda meydana çıxan bu məşğuliyyət, Qərbin kitç estetikası və pop mədəniyyətinin yerli KİV-də güclənən təsiri altında formalaşaraq, zamanla özünəməxsus submədəniyyətə çevrildi.
Sərginin ayrılmaz hissəsini təşkil edən “Windy Windshields” (“Küləkli yel şüşələri”) müəllif nəşri isə bu layihəyə daha dərindən dalmaq istəyənlərin diqqətinə təqdim edilir.
Sərginin kuratoru: Zəhra Məmmədova
Rəssam haqqında
Səid Şərif (d. 1996, Bakı) Bakıda fəaliyyət göstərən multidissiplinar rəssamdır. O, fotoqrafiya, illüstrasiya, konseptual incəsənət və qraffiti kimi müxtəlif medialarda çalışır. Onun yaradıcılıq yolu gənc yaşlarında illüstrasiya ilə başlayıb, sonradan “Wish” təxəllüsü ilə qraffiti sənətinə yönəlib. Fotoqrafiyanı kəşf etməsi Səidin bədii araşdırmalarında yeni bir mərhələnin başlanğıcı olub və o, müxtəlif texnika və üsulları mənimsəyib. Yaxın fotoqraf dostlarının dəstəyi ilə Səid Şərif, müasir dövrdə fotoqrafiyanın qlobal baxışına yönəlmiş “ordinary.city” yaradıcı kollektivini təsis edib. Səid Şərifin yaradıcılığı həm yerli, həm də qlobal sosial-mədəni məsələləri əhatə edir, eləcə də müasir insan təcrübəsinin mürəkkəbliyini araşdırmaqla xarakterizə olunur. O, incəsənətin gücündən istifadə edərək gözəllik, pozitivlik və müxtəlif ifadə vasitələri arasında dialoq yaratmağı hədəfləyir.
Açılış: 21 fevral, 19:00
Sərginin tarixləri: 21 fevral – 31 avqust, 2025
Ünvan: Kiçik Qala küç., 5