Bakı. Trend:
ADA Məktəbinin şagirdi Cüneyd Qənbərov Beynəlxalq Riyaziyyat Yarışmasının (“International Math Challenge – IMC”) Qlobal Mərhələsində qızıl medal qazanıb.
Trend xəbər verir ki, yarışın final mərhələsi Tailandın "Chulalongkorn" Universitetində keçirilib. Cüneyd öz kateqoriyasında dünyanın 71 ən güclü iştirakçısı arasında 7-ci yerə layiq görülüb.
Qeyd edək ki, builki "IMC"-də 140 ölkədən on mindən çox şagird iştirak edib. Onlar arasından yalnız ən yaxşı nəticəni göstərən 45 faiz iştirakçı finala vəsiqə qazanıb.
ADA Məktəbinin riyaziyyat müəllimi Burhan Ondar Baraziyə təşəkkürünü bildirən Cüneyd əlavə edib ki, bu uğurunda öz şəxsi səyi, davamlı hazırlığı ilə yanaşı, Məktəbdə qazandığı bilik və bacarıqların, eləcə də müəllimlərinin də rolu böyük olub.
Xatırladaq ki, ADA Məktəbi daim şagirdləri öz bilik və bacarıqlarını beynəlxalq platformalarda sınamağa həvəsləndirir, onların elmi potensialının inkişafına dəstək göstərir, bu məzmunlu uğurları ölkəmizin akademik müstəvidə tanınması üçün faydalı bir vasitə kimi qiymətləndirir.