Bakı. Trend:
AMEA-da bir neçə institut ləğv olunmayıb.
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
"Orada cəmi 18-20 nəfər əməkdaş çalışırdı. Həmin əməkdaşların bir qismi Tarix İnstitutuna, bir qismi isə Fəlsəfə İnstitutunda fəaliyyətini davam etdirirlər", - deyə AMEA prezidenti qeyd edib.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.