Bakı. Trend:
İğdır liseylərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsi keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, İğdır Azərbaycan Evi Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Hər il ənənəvi olaraq keçirilən müsabiqədə Heydər Əliyev Fənn Liseyi ilə yanaşı, digər liseylərin şagirdləri də iştirak ediblər.
İğdırdakı Heydər Əliyev Fənn Liseyində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunub.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal müsabiqə barədə danışarkən ənənəvi tədbirin türkiyəli məktəblilərdə milli, vətənpərvərlik ruhunun yüksəlməsinə və onların tarixi biliklərinin artmasına böyük təsir göstərdiyini bildirib. O, çıxışında "Xocalı deyəndə yadıma soyuq bir fevral gecəsi gəlir. Xocalı deyəndə ağlıma günahsız, silahsız insanların soyqırımı gəlir. Ermənilər günahsız insanları qətlə yetiriblər. Bu hadisə dünya tarixində soyqırım kimi qalacaq. Xocalıya ədalət tələb edirik!”- deyə qeyd edib.
İğdırdakı Heydər Əliyev Fənn Liseyinin direktoru Yavuz Bağcı bildirib ki, ermənilər Xocalıda soyqırımı törədib, günahsız insanları öldürüb, işgəncə veriblər. Türk milləti olaraq bu faciənin heç vaxt unudulmayacağını vurğulayan direktor Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı heç bir uşağa, mülki şəxsə zərər vermədiyini diqqətə çatdırıb.
Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib. Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.
Sonra münsiflər heyəti müsabiqənin müxtəlif nominasiyalar üzrə qaliblərini elan edib. Qaliblər arasında Sedanur Manaz (şeir), Zeynep Kübra Ada (bədii kompozisiya), Sıla Angay (hekayə) və Selin Ünlü (rəsm) birinci yerlərə layiq görülüblər. Qaliblərə, həmçinin digər şagirdlərə hədiyyələr təqdim edilib.
Sonda məktəblilərin iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini, eləcə də təcavüzkar dövlətin Türkiyəyə qarşı əsasız iddialara aid həqiqətləri şagirdlərə çatdırmaqdır. İştirakçılar keçirilən şeir, bədii kompozisiya, hekayə və rəsm müsabiqələrində öz yaradıcılıqları ilə Xocalı soyqırımının unudulmadığını bir daha göstəriblər.