...

Aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır

Cəmiyyət Materials 28 Fevral 2025 11:48 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “aerodrom istismarçısı” anlayışı fiziki və yaxud hüquqi şəxslərlə məhdudlaşmayacaq, onların sırasına dövlət orqanı da əlavə ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Aviasiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, “aerodrom istismarçısı” anlayışı bir və ya bir neçə aerodromu qanuni əsaslarla istismar edən dövlət orqanı, fiziki və ya hüquqi şəxs çərçivəsində təfsir ediləcək. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunacaq.

“Aviasiya haqqında” Qanunun 4 və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq qanunun 16, 17, 18 və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.

Belə ki, Azərbaycanın tərəfdar çıxdığı “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyasına Əlavə 13-ün tələblərinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər aviasiya hadisələri və insidentlərinin araşdırılması məqsədilə mülki aviasiya qurumundan və onun fəaliyyətinə müdaxilə edə bilən digər qurumlardan müstəqil qurum yaratmalıdırlar. Müvafiq qurum Əlavə 13-ün tələblərinə uyğun olaraq tam müstəqil formada təsis edilməlidir.

Buna uyğun olaraq aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti