Bakı. Trend:
Məişət zorakılığının qarşısının alınması istiqamətində hər qurumun üzərinə bir vəzifə düşür.
Trend xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, Monitorinq Qrupunun əsas fəaliyyət istiqaməti qurumlar arası əlaqələndirmə həyata keçirib monitorinq aparmaqdır:
"Səhiyyə Nazirliyinin əlaqələri, əhatə dairəsi genişdir. Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edən şəxslər olur. Onlar barəsində məlumatların toplanması lazımdır. Səhiyyə sistemində bu imkan var. Daha sonra Təhsil Nazirliyinin rolu danılmazdır. Çünki zorakılıqdan daha çox təsirlənən uşaqlardır. Onlar zorakılığın daşıyıcıları olurlar. Orta məktəblərdə fəaliyyət göstərən psixoloqlar zorakılıq mühitində duran uşaqları müəyyən etməli onlarla iş görməlidir".
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə biz sıx əlaqədəyik. Çünki zorakılığa məruz qalan şəxslərin yerləşdirilməsi üçün onların rolu böyükdür.
"Məişət zorakılığı deyəndə kiminsə döyülməsi nəzərdə tutulmamalıdır. Burada psixoloji, mənəvi, iqtisadi zorakılıq da məişət zorakılığıdır. Məsələn, boşanma zamanı alimentin ödənilməməsi iqtisadi zorakılıqdır. Bunlar da siyahıya salınmalıdır", - sədr əlavə edib.