...

“Yüksəliş” müsabiqəsinin beşinci mövsümü üçün qeydiyyat başladı

Cəmiyyət Materials 28 Fevral 2025 12:04 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsinin beşinci mövsümü üçün qeydiyyat başladı
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevral tarixində səbirsizliklə gözlənilən beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürdü. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və aprelin 10-a kimi davam edəcək.

Bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci müsabiqə üçün keçirilmiş mətbuat konfransında açıqlama verib. O, dörd il ərzində “Yüksəliş” müsabiqəsinin nəticələri barədə ətraflı hesabat təqdim edib, müsabiqənin keçirildiyi dövr ərzində əldə olunan uğurlar, iştirakçıların statistikası və qaliblərin nailiyyətləri barədə məlumat verib. Hesabatda həmçinin müsabiqənin iştirakçılar üçün yaratdığı imkanlar, mentorluq proqramı və qaliblərin karyera yüksəlişləri barədə ətraflı informasiya təqdim olunub. Fərhad Hacıyev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə liderlik potensialının artırılması və innovativ idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib.

Konfrans zamanı yeni mövsümdə istifadəyə verilən müsabiqənin rəsmi internet səhifəsi mətbuat nümayəndələrinə təqdim olunub və saytda edilmiş yeniliklər barədə ətraflı məlumat verilib. Saytın daha funksional olması üçün bir sıra yeniliklər tətbiq edilib ki, bu da qeydiyyat prosesinin daha asan və rahat olmasına imkan yaradıb.

Tədbirdə həmçinin beşinci mövsümün tanıtım çarxı nümayiş olunub və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, beşinci “Yüksəliş” müsabiqəsi bu dəfə də idarəetmə sahəsində peşəkar inkişafı və liderlik potensialını ortaya qoymaq istəyən namizədlər üçün böyük imkanlar vəd edir.

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər. “Yüksəliş” müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla 6 mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər “yukselish.az” rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

İndiyə qədər keçirilmiş “Yüksəliş” müsabiqələri böyük maraqla qarşılanmış və geniş iştirakçı kütləsini əhatə etmişdir. Birinci müsabiqədə 11,760 nəfər qeydiyyatdan keçmiş və yekunda 27 qalib seçilmişdir. İkinci müsabiqədə isə 12,299 nəfər qeydiyyatdan keçmiş və 22 nəfər qalib adını qazanmışdır. Üçüncü müsabiqədə 13,474 namizəd iştirak etmiş və 22 nəfər qalib müəyyənləşmişdir. Dördüncü “Yüksəliş” müsabiqəsində isə 15,877 şəxs qeydiyyat mərhələsini uğurla tamamlamış, 25 nəfər müsabiqənin qaliblərinə çevrilmişdir.

Konfransın sonunda mətbuat nümayəndələrinin sualları da cavablandırılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti

Xəbər lenti