Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrə keçirilmiş başçəkmələr zamanı əvvəlki monitorinqlərdə verilmiş təklif və tövsiyələrin icra edildiyi müşahidə olunsa da, bəzi nöqsanların hələ də qaldığı müəyyən edilib.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, nazirliyin tabeliyindəki əsaslı təmirə ehtiyac olan müəssisələrdə, xüsusilə inteqrasiya təlimli internat tipli gimnaziyalarda saxlanma şəraitinin təkmilləşdirilməsi vacibdir:
“Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldıqları internat məktəblərində, xüsusi təhsilə cəlb olunmuş orta və yuxarı sinif şagirdləri üçün müvafiq dərslik və dərs vəsaitlərinin təminatında çatışmazlıqların olduğu aşkar edilib. Belə məktəblərdə azyaşlıların psixi sağlamlığına göstərilən diqqətin artırılması, uşaqlarla psixoloji işin aparılmasında nümunəvi sənədlərin, fərdi iş planlarının formalarının işlənib hazırlanması, bu istiqamətdə məşğələlərin aparılması üçün kabinetlərin əyani vəsaitlərlə təmin olunması zəruridir.
Başçəkmələr zamanı uşaqların asudə vaxtının səmərəli təşkilinə, maraqlarının və qabiliyyətlərinin, o cümlədən peşə maraqlarının öyrənilməsinə ehtiyacın olduğu müəyyən edilib. Əksər məktəblərdə əmək təlimi və peşə hazırlığı işlərinin aparılması üçün maddi-texniki bazanın, emalatxanaların olmadığı müşahidə edilib”.