Bakı. Trend:
Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər.
Trend xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanan təhlükəli vəziyyətə səbəb ola bilər.
"Aquaplaninq zamanı təkərlər yol səthi ilə təmasını itirir və avtomobil sanki suyun üzərində üzməyə başlayır. Nəticədə sürücü idarəetməni tam itirir.
Aquaplaninq necə baş verir?
Aquaplaninq - təkərlər altındakı suyu kənara ata bilmədikdə
yaranır. Normal şəraitdə təkərin protektorları suyu kənara
yönəldərək yol səthi ilə təması təmin edir ki, bu da sürücünün
lazım olan anda avtomobilin hərəkət istiqamətini dəyişməsinə
yardımçı olur. Lakin:
Yolun su ilə örtülməsi,
Sürətin yüksək olması,
Təkərlərin aşınmış və ya havasının az olması kimi hallarda şinlərin
suyu kənarlaşdırması prosesi natamam icra edilir və nəticədə
idarəetmə çətinləşir, bəzən isə tamamilə mümkünsüz olur.
Sürücülər nə etməlidir?
Aquaplaninqin qarşısını almaq və bu vəziyyətdə düzgün reaksiya
vermək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:
Sürəti hava şəraitinə uyğun tənzimləmək – Yağışlı hava
şəraitində və yaş yollarda yüksək sürətlə hərəkət etdikdə
avtomobilin sürüşmə riski artır.
Təkərlərin vəziyyətini mütəmadi yoxlamaq – Aşınmış təkərlər suyu
düzgün şəkildə kənara ata bilmir. Təkərlərin protektor dərinliyi az
olduqda, yol tutumu zəifləyir və avtomobilin sürüşmə ehtimalı
artır.
Təkər təzyiqinə nəzarət etmək – Həddindən artıq aşağı və ya yüksək
təzyiqli təkərlər aquaplaninq riskini artırır.
Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək – Yaş yolda
qəfil sükanı çevirmək və ya əyləcə basmaq avtomobilin nəzarətdən
çıxmasına səbəb ola bilər. Ələlxüsus da avtomobilin bir tərəfi
qismən quru, digər tərəfi isə gölməçəyə düşdüyü məqamlarda.
Təkərlər yaxşı vəziyyətdə olsa belə, ehtiyatlı olmaq – Hətta yeni
təkərlərlə də yüksək sürətlə su gölməçəsinə daxil olduqda
aquaplaninq riski var.
Təhlükəsiz sürüş üçün hər zaman hava və yol şəraitinə uyğun sürət
seçmək və buna uyğun hərəkət etmək tövsiyə olunur",- deyə o əlavə
edib.