Bakı. Trend:
Ötən il ərzində icbari tibbi sığorta hesabına 52 AVM əməliyyatı icra olunub.
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Arteriovenoz malformasiyaların (AVM) cərrahi müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.
AVM-nin cərrahi müalicəsi onun yerləşdiyi bölgə, ölçüsü, xəstənin yaşı və digər amillər əsasında aparılır. Tibbi göstəriş olduğu təqdirdə əməliyyat açıq üsulla icbari tibbi sığorta çərçivəsində icra olunur.
Məlumat üçün bildirək ki, xəstəliyin dəqiq diaqnozu üçün müasir diaqnostik üsullar tətbiq edilir. Müayinələr sırasında MRT, KT, beynin bioelektrik fəaliyyətini ölçmək üçün elektroensefalogram (EEG), doppler və serebral angiografiya yer alır. Əlavə olaraq, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstərilir. Bununla yanaşı, stasionar yatış zamanı istifadə olunan dərman, tibbi sərfiyyat və gündəlik qidalanma da icbari tibbi sığortaya daxildir.
Bu əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş vərəqəsi əsasında həyata keçirilir.