Bakı. Trend:
Martın 4-də ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş “dəyirmi masa” təşkil edilib.
Trend xəbər verir ki, “Dəyirmi masa”da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və qabaqcıl universitetlərin rəhbər heyəti ilə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və yerli aparıcı ali təhsil müəssisələrinin rəhbər heyəti iştirak edib.
“Dəyirmi masa”da açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayıb, səfərin hər iki ölkənin ali təhsil müəssisələri arasında artan inkişafa verəcəyi töhfənin əhəmiyyətini vurğulayıb.
Daha sonra Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edib.
“Dəyirmi masa” çərçivəsində ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadənin moderatorluğu ilə “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsi keçirilib.
Panel müzakirəsində ölkələr arasında qarşılıqlı ikili diplom proqramlarının effektiv tətbiqi, innovasiya, elmi tədqiqat və qarşılıqlı mübadilə proqramlarının genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra hər iki ölkənin universitetləri arasında qarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi baş tutub.