...

İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar problemlərə səbəb ola bilər

Cəmiyyət Materials 5 Mart 2025 15:35 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini pozur.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.

Onun sözlərinə görə, uşaq bu cür sözləri eşidəndə nəticənin təkcə bir imtahan olmadığını, bütün gələcəyinin məhv olduğunu düşünməyə başlayır:

“Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiya itkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hiss edir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır. İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar depressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimi problemlərə səbəb ola bilər. Gənclər bir imtahandakı uğursuzluğu həyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli ola bilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməl nəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlı olaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlər övladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlı olmadığını göstərsinlər. “Bu imtahan sənin həyatını müəyyən etmir” və ya “Sən bizim üçün dəyərlisən, nəticə necə olursa olsun” kimi cümlələr gəncə psixoloji rahatlıq verə bilər”.

Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanın dəyərini və gələcəyini müəyyən etmir:

“Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstək göstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixoloji sağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluq təcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclü mübarizə aparmağı öyrənirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti