Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, Zəfər parkında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və idman içtimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları və məşqçiləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Məlumat verilib ki, ötən bir il ərzində Xaçmazlı idmançılar respublika və beynəlxalq yarışlarda 44 qızıl, 41 gümüş və 65 bürünc medal qazanıblar.
Tədbir çərçivəsində iştirakçılar müxtəlif idman yarışlarında qazanılan kubok və medalların sərgisi eləcədə "İdman uşaqların gözü ilə" rəsm əsərləri ilə tanış olublar. Həmçinin müxtəlif idman növləri üzrə , idmançıların nümunəvi çıxışlarına baxıblar.
Sonda “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə idman sahəsində nailiyyət qazanan məşqçi müəllimlər Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.