Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən hüquq mühafizə siyasəti çərçivəsində respublikada ictimai asayişin, təhlükəsizliyin qorunması sahəsində fəaliyyət 2024-cü ildə də məqsədyönlü şəkildə davam etdirilmişdir. "Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1,9 min, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.
Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Məlumata görə, hazırda ölkə üzrə ümumilikdə 5,3 min nöqtədə 16,6 min videomüşahidə kamerası (Bakı şəhərində 3,5 min nöqtədə 11,1 min kamera) istismar olunur.
Bununla yanaşı, respublika üzrə 4,7 min üztanıma kamerası (Bakı şəhəri üzrə 4,2 min) istismar olunur. Videomüşahidə vasitələrinin tətbiqi ilə 24,1 min, o cümlədən 22,3 min yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1,4 min yanğın və digər hadisə müəyyən edilmiş, axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 21 avtomobil müəyyənləşdirilib.