Bakı. Trend:
Avstraliyada ilk dəfə titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı kişi “BiVACOR” adlı cihazla üç aydan çox yaşadıqdan sonra donor ürək transplantasiyası edilib.
Trend-in məlumatına görə, bu barədə "Nature" jurnalı xəbər verib.
Məlumata əsasən, Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla başa çatıb. “BiVACOR” cihazı fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir və donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən xəstələr üçün müvəqqəti həll kimi istifadə edilir.
Alimlər cihazın gələcəkdə bəzi xəstələr üçün daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur. ABŞ-da hazırda 7 milyona yaxın insan ürək çatışmazlığından əziyyət çəkir, lakin donor çatışmazlığı səbəbindən 2023-cü ildə cəmi 4500 ürək transplantasiyası həyata keçirilib.