Bakı. Trend:
Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib.
"Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir.
Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc
tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət
olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya
müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan
orqanizminə öz təsirini göstərir.
Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı
müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu
xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və
istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx
toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən
istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət
yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları
daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havaların
dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava
şəraitinə uyğunlaşdırılması məsləhətdir.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır",- deyə müraciətdə qeyd edilib.