Bakı. Trend:
Muxtar respublika ərazisində yaradılması nəzərdə tutulan “İlandağ” geoloji parkının rəqəmsal xəritəsi yenidən hazırlanıb. Parkın sərhədləri daxilində yerləşən obyektlərin pasportu yenilənərək aidiyyəti qurumlara rəy bildirilməsi üçün təqdim edilib. Hazırda UNESCO-nun tələblərinə uyğun sənədləşmə işlərinin aparılması üçün donor təşkilatların tapılması istiqamətində işlər görülür.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev bildirib.
O qeyd edib ki, eyni zamanda, Əlincədağ təbiət abidəsi ilə bağlı mühüm addımlar atılıb. Aparılan müvafiq işlər nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib.
Bundan əlavə, aidiyyəti qurumlarla birlikdə ərazidə baxış keçirilib, ölçü işləri aparılıb, yerquruluşu planı və pasportu hazırlanıb. Təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə bağlanıb və giriş hissəyə məlumat lövhəsi quraşdırılıb.