Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin üzvlərindən ibarət “Phonix” və “Primetech” komandaları Dünya Robototexnika Çempionatının (WRC) beynəlxalq final mərhələsinə vəsiqə qazanıblar. Komandalarımız uğurla keçdikləri seçim mərhələləri nəticəsində iki aylıq tam təqaüdlü təlim proqramına da qəbul olunublar.
Bu uğur AzMİU tələbələrinin elmi-texniki sahələrdə yüksək bilik və bacarığa, yenilikçi düşüncə tərzinə və beynəlxalq səviyyədə rəqabət apara biləcək potensiala sahib olduqlarını bir daha nümayiş etdirib.
Ölkəmizi layiqincə təmsil etməyi, beynəlxalq arenada AzMİU-nun adını yüksəklərə qaldırmağı qarşılarına məqsəd qoyan təmsilçilər final mərhələsində "RoboSoccer" kateqoriyası üzrə mübarizə aparacaqlar.
Bildirək ki, WRC – robototexnika, süni intellekt, mühəndislik və digər texnoloji sahələrdə innovativ gəncləri bir araya gətirən nüfuzlu beynəlxalq müsabiqədir. 16-30 yaş arası iştirakçıların qatıldığı yarışda gənclər komandalar şəklində öz yaradıcılıqlarını və texniki biliklərini nümayiş etdirmək imkanı qazanırlar.
Azərbaycan üzrə final mərhələsinin 7-8 iyun 2025-ci il tarixlərində Xankəndi və Bakıda keçirilməsi planlaşdırılır. Bu mərhələdə qalib gələn komandalar 21-24 avqust tarixlərində Hindistanın Delhi şəhərində təşkil olunacaq beynəlxalq finalda ölkəmizi təmsil edəcəklər.