Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı səhiyyə nazirlərinin V iclası çərçivəsində Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna diqqət və dəstəyi qeyd edilib.
Ötən ilin dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas edilməsi üçün köməklik göstərən Qazaxıstan Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının əməkdaşlarına, həmçinin qardaş ölkənin vətəndaşlarına Azərbaycan səhiyyə naziri Teymur Musayev təşəkkürünü bildirib.
Ölkələrimiz arasındakı münasibətlərin ikitərəfli qaydada inkişafı ilə yanaşı, beynəlxalq platformalarda da uğurlu əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın səhiyyə naziri TDT çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərin Qazaxıstan tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını bildirib.
Daha sonra Qazaxıstan Respublikası Prezidentinin köməkçisi Tamara Duysenova ilə görüş keçirilib. Görüş zamanı Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında son illərdə müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev bir sıra ikitərəfli görüşlər keçirib.
Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə keçirilən görüşdə tibb müəssisələrinin akkreditasiyası, fövqəladə vəziyyətlərdə təcili tibbi yardım, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri müzakirə olunub.
Teymur Musayev, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığını müsbət dəyəndiriblər.