Bakı. Trend:
bp Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıldığını elan edir.
Trend xəbər verir ki, ilkin tərəfdaşlıq sazişi London Oyunlarından əvvəl 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazışın müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır.
On ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə bp-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb.
İndiyədək bu tərəfdaşlıq çərçivəsində bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Oyunlarında, Bakı 2015 Avropa Oyunlarında, Rio 2016 Oyunlarında, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında, Tokio 2020 Oyunlarında və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib.
Tərəfdaşlığın bir hissəsi olaraq, bp həmçinin, Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011-2020-ci illərdə onların beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək, onlar üçün fərdi inkişaf imkanları yaradıb.
Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bp-nin ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstək vermək öhdəliyinin davamlı olduğunu bir daha vurğulayıb:
"30 ildən artıqdır ki, bp milli komandaların və idmançıların inkişafı və ölkənin iri beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. Uğurlu tərəfdaşlıq fəaliyyətlərimizlə yanaşı, bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verir.
bp bundan sonra da ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq, icmaları gücləndirməyə və Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək."
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2413 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.