...

İcra sənədi orqanların müvafiq informasiya sistemləri vasitəsilə icraya yönəldiləcək

Cəmiyyət Materials 11 Aprel 2025 12:58 (UTC +04:00)
İcra sənədi orqanların müvafiq informasiya sistemləri vasitəsilə icraya yönəldiləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldiləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, informasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldəcəklər.

Borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışı icra sənədinin icra olunduğu yer və ya onun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə, habelə hüquqi şəxsin olduğu yer üzrə elan ediləcək.

Şəxsin axtarışının elan olunması və qərarın icrası ilə bağlı məlumat və sənəd mübadiləsi “Elektron icra” informasiya sistemi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin inteqrasiyası əsasında aparılacaq.

Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə ediləcək.

Bank hesablarındakı vəsaitlərin üzərinə həbs qoyulması və tələbin həmin vəsaitlərə yönəldilməsi ilə bağlı qaydalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq digər ödəniş hesablarına və ödəniş hesablarına xidmət edən ödəniş xidməti təchizatçılarına şamil olunacaq.

İcra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarı “Elektron icra” informasiya sistemi vasitəsilə ötürüləcək.

İcra məmurunun belə qərarının bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən qəbulu və icrasının nəticəsi barədə məlumatın “Elektron icra” informasiya sisteminə ötürülməsi bank və digər kredit təşkilatlarının, elektron pul təşkilatlarının həmin sistemlə inteqrasiya olunmuş informasiya sistemi vasitəsilə təmin ediləcək.

İcra məmurunun belə qərarının qəbuluna səbəb olmuş əsaslar aradan qalxdıqda icra məmuru 1 iş günü müddətində həmin qərarın icra məmuruna qaytarılması barədə bank və digər kredit təşkilatını, elektron pul təşkilatını elektron qaydada məlumatlandırmalıdır.

İcra hərəkətləri həyata müvafiq sahədə keçirilərkən yaşamağa (olmağa) hüquqi əsasları olmayan digər şəxslər də tələbkarın tələbi ilə oradan çıxarılacaqlar.

Vahid ünvandan çıxarılmalı olan şəxslər icra sənədinin icrasından yayınmaq məqsədilə həmin ünvan daxilində tələbkara məxsus digər tikilini zəbt etdikdə, yaxud eyni ünvanda özbaşına inşa etdikləri tikilidə yaşadıqda tələbkarın tələbi ilə əlavə məhkəmə qərarı olmadan həmin sahələrdən də çıxarılacaqlar.

Mövcud qanunvericiliyə əsasən, icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Təklif edilən dəyişikliklə bildiriş “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti