...

ADA Universitetində keçirilən forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı

Cəmiyyət Materials 13 Aprel 2025 11:22 (UTC +04:00)
ADA Universitetində keçirilən forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı

Bakı. Trend:

ADA Universitetində aprelin 9-da keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum olduqca mühüm nüanslarla əlamətdar oldu. İlk növbədə bu forum Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək siyasi və şəxsi keyfiyyətlərini növbəti dəfə nümayiş etdirdi. Dövlətimizin başçısı sualları olduqca dərin erudisiya və məntiqli ardıcıllıqla cavablandırdı, hər bir məsələyə peşəkarlıqla yanaşdı.

İkincisi, cənab İlham Əliyev suallara cavabında həm də Azərbaycanın milli və siyasi prioritetləri, regional və qlobal məsələlərə dair mövqeyi ilə bağlı mühüm mesajlar verdi. Bunlarla yanaşı beynəlxalq tədbir olmasını, sualların və cavabların ingilis dilində verildiyini, xaricdən gələn nümayəndələrin tanınmış beyin mərkəzlərini təmsil etdiklərini nəzər alsaq, bu forumun Azərbaycan həqiqətlərinin qlobal siyasi-ictimai fikrə çatdırılması baxımından nə qədər böyük əhəmiyyət daşıdığını deyə bilərik. Prezident İlham Əliyevin bildirdiyi kimi müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupunun qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün ölkəmizə səfərləri Azərbaycanı daha da yaxşı tanımağa xidmət edir. Digər tərəfdən isə dünyada maraq doğuran məsələlərin də müzakirəsinə geniş yer verildiyi üçün keçirilməsi artıq ənənə halını alan bu forum alternativ siyasi baxışların səsləndiyi siyasi platforma kimi diqqəti çəkir.

Forumda cənab Prezident İlham Əliyevə çoxsaylı suallar ünvanlandı, dövlətimizin başçısı onların hər birinə ətraflı cavab verdi. Bu cavabların hər birini əslində Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürüdən dövlət olmasının, eləcə də qazandığımız hər bir uğurun aydın təsviri kimi dəyərləndirmək olar. Ona görə Prezident İlham Əliyevin cavabları, fikirləri və təhlilləri forumda iştirak edən 80 xarici ekspertin respublikamızla bağlı təəssüratlarını daha da möhkəmləndirdi, Azərbaycanın beynəlxalq miqyasda obyektiv və dolğun təqdimatı üçün mühüm mənbə rolunu oynadı.

Məsələn, Prezident İlham Əliyevin Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərq regionlarını bir araya gətirməsi ilə bağlı fikirləri respublikamızın qlobal siyasi və iqtisadi proseslərdə fəal iştirakından xəbər verir. Bu gün Azərbaycanın həm Mərkəzi Asiya, həm Yaxın Şərq, həm də Avropa dövlətləri ilə çox güclü münasibətləri var. Hətta Avropa İttifaqına daxil olan dövlətlərin böyük bir qismi ilə əlaqələr strateji səviyyəyə yüksəlib. O cümlədən Azərbaycan son illərdə güclü və müasir kommuniksiya infrastrukturları yaradıb. Şərqdən Qərbə, Şimaldan Cənuba və əksinə ən etibarlı, sürətli nəqliyyat yolları Azərbaycandan keçir. Respublikamız özünün enerji siyasəti ilə regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Yaxın vaxtlarda isə Avropa Azərbaycandan həm də «yaşıl enerji» alacaq. Hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya «yaşıl enerji» kabelinin çəkilişi üzərində iş gedir. Habelə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək «yaşıl enerji» kabelinə dair müqavilə imzalanıb. Bütün bunlara görə Azərbaycan həm Avropada, həm də Asiyada etibarlı birləşdirici faktor olaraq qəbul olunur. Və bütün bunlar ölkəmizin regional və beynəlxalq proseslərdəki aparıcı rolundan xəbər verir.

Forumda Prezident İlham Əliyevə ünvanlanan sualların bir istiqaməti də İkinci Qarabağ müharibəsindən sonrakı proseslər və Ermənistanla aparılan sülh müzakirələri ilə bağlı oldu. Bu gün dövlətimizin qarşısındakı əsas məqsədlərdən biri regiondakı sabitliyin qorunub saxlanılması, Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Prezident İlham Əliyev Forumda bu sahədəki vəziyyəti ətraflı şərh etdi, real vəziyyətin necə olduğunu diqqətə çatdırdı, bir sıra məqamlara aydınlıq gətirdi. Məlum olduğu kimi Ermənistan siyasi dairələri müharibədəki məğlubiyyətdən düzgün nəticə çıxarmaq əvəzinə revaşizm arzusu ilə yaşayır. Ermənistanın müxtəlif dövlətlərdən silah və hərbi texnika alması, ATƏT-in Minsk qrupunun hüquqi ləğvinə maraq göstərməməsi, rəsmi İrəvanın Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaqdan yayınması revanşizm niyyətlərindən başqa bir şey deyil. Dövlətimizin başçısının çox haqlı olaraq qeyd etdiyi kimi Ermənistanın ölümcül silahlar almasının səbəbi Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırmaları ilə bağlıdır. Bu səbəbdən İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etmək istəmir. Bu ölkə konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı ərazi iddialarından imtina etməyənə, respublikamızla münasibətlərin normallaşması üçün səmimi davranış ortaya qoymayana qədər həmişə yeni hərbi qarşıdurma təhlükəsi törədəcək.

Əlbəttə, Azərbaycan hər zaman ayıq-sayıqdır, 30 illik işğalı unutmur, hələ də davam edən “böyük Ermənistan” xəyallarını, Qarabağı yenidən geri almaq xülyasının mövcudluğunu görür. Ona görə Azərbaycan hökuməti Ermənistanın bütün addımlarını yaxından izləyir və hər zaman adekvat tədbirlərə hazırdır. Cənab Prezidentin qeyd etdiyi kimi biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Ölkəmizdə ordu quruculuğunun diqqət mərkəzində saxlanılması və bu sahəyə külli miqdarda vəsaitin ayrılması da bundan irəli gəlir.

Ermənistanı revanşizmə həvəsləndirən amillərdən biri də başda Fransa olmaqla bəzi Qərb siyasi dairələrinin avantürist fəaliyyətləridir. Ona görə Prezident İlham Əliyev həm də Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, istər köhnə, istərsə də yeni dostları hesab etdiyi dairələrə bel bağlamamalıdır. Çünki heç bir dövlət və heç bir qüvvə Ermənistanı xilas edə bilməz. Necə ki, 44 günlük müharibə və antiterror tədbirləri zamanı Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatdı. Ona pis məsləhətlər verən Fransa kimi dövlətlər isə sadəcə aciz durumda qaldılar.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin istiqamətləri, o cümlədən ABŞ-la münasibətlərə dair də mesajlar verdi. Ölkəmiz ABŞ-la münasibətlərə həmişə önəm verib. Lakin Bayden administrasiyası dövründə iki dövlət arasındakı münasibətlər böhran vəziyyətininə düşmüşdü və bunun da səbəbi E.Blinkenin rəhbərliyi ilə Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti idi. Lakin Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaranıb. Prezident İlham Əliyev də bildirdi ki, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub. Eyni zamanda dövlətimizin başçısı ABŞ-la münasibətlərə dair Bakının mövqeyini, ölkəmizin əməkdaşlığın yeni mərhələsinə hazır olduğunu açıq ifadə etdi. Proseslərin gedişi, o cümlədən, ABŞ lideri Donald Trampın Prezident İlham Əliyevə Novruz bayramı ilə əlaqədar ünvanladığı məktubun məzmunu göstərir ki, Azərbaycan-ABŞ münasibətlərində müsbətə doğru keyfiyyət dəyişiklikləri baş verəcək.

Prezident İlham Əliyevə Forumda çoxsaylı və müxətlif məzmunlu suallar ünvanlandı. Bütün bunlar bir daha təsdiq etdi ki, dövlətimizin başçısı hər bir maraq doğuran məsələdə dialoqa açıqdır. Prezident İlham Əliyevin məsələlərə yanaşması həm də belə bir fikir yürütməyə imkan verir ki, Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri dəyişən qlobal geosiyasi reallıqlara uyğun olaraq strateji mövqelərini daha da möhkəmləndirməkdir. Odur ki, müasir reallıqlar şəraitində respublikamızın qarşısında dayanan vəzifələrin nələrdən ibarət olmasının dünyaya çatdırılması baxımından bu forum mühüm əhəmiyyət kəsb etdi.

Azərbaycan Prezidentinin fikirləri, proseslərə baxışları, gəldiyi qənaətlər hər zaman beynəlxalq gündəmin xüsusi diqqət mərkəzində olur. Bu baxımdan cənab İlham Əliyevin ADA Universitetində keçirilən Forumda söylədiyi fikirlər həm Cənubi Qafqaz, həm də beynəlxalq səviyyədə cərəyan edən proseslərlə bağlı daha yaxşı yanaşmaların formalaşmasına, yeni tezislərin yaranmasına xidmət edəcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti