Bakı. Trend:
Səhiyyə Nazirliyində Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.
Həmçinin, Azərbaycanla Qətər arasında səhiyyə sahəsində də
ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd
olunub. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb
mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və
elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da
inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.
Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.