Bakı. Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə zərərçəkən şəxslər sərbəst ifadə verib.
Zərərçəkən Gülbahar Zülfüqarova məhkəmədə bildirib ki, o, mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində çalışır:
“Mən orada “mamaça” vəzifəsində çalışıram. Həmin gün növbədə
idim. Bizim şöbə birinci mərtəbədə çalışıram. Hadisə dördünücü
mərtəbədə baş verib. Mən ora cavabdeh deyiləm. Kimsə dedi ki, 4-cü
mərtəbədə yanğın baş verib. Qalxdıq. Soruşdum ki, kiməsə demisiniz?
Təkcə, poıisə məlumat verdiklərini dedilər. Mən tez aidiyyati
orqanlara və Mehriban xanıma məlumat verdim. Daha sonra yenə ora
qayıtdım. Qara tüstü ətrafı bürüdü.
Yuxarıda yeriyə bilməyən xəstələr, küveyzdə saxlanılan uşaqlar var
idi. Onlar həkim nəzarətində olduğundan mənim onları götürməyə və
ya yerini dəyişməyə səlahiyyətim yox idi”.
Daha sonra Vaqif Hacıyev ifadə verib.
O bildirib ki, mərkəzdə mühafizəçi olaraq çalışır:
“Mən mərkəzin daxili mühafizəçisiyəm. Mənimlə yanaşı, DİN-in mühafizə xidmətindən də bir şəxs var. Adətən, mərkəzdə xəstə olarkən biz yeməyə gec gedirik. Həmin gün də yeməyə gec getdim. Resepşında çalışan qız mənə zəng etdi. Danışıqdan heç nə anlamadım. Elə bildim dava olub. Resepşına qaçdım. Gördüm heç kim yoxdur. Bilmədim kim idi, amma 4-cü mərtəbədə yanğın olduğunu eşitdim. Balon götürüb 4-cü mərtəbəyə qaçdım. Hamı ora yığışmışdı. Balonla söndürməyə çalışdıq. Ətraf qara tüstü idi. Rəhbərlik ora yanğınsöndürənlərdən öncə gəlmişdi. Yanğının söndürülməsi üçün işlər görürdü. Biz küveyzlərin təhlükəsiz yerə aparılması üçün köməklik etdik”.
İfadə verən hər iki şəxs iş üzrə özlərinin zərərçəkən qisimdə tanınmamasını xahiş edib.
İş üzrə bir neçə zərərçəkən şəxs məhkəmədə iştirak etməyib.
Məhkəmə həmin şəxslər barəsində məcburi gətirməsi haqqında qərar qəbul edib.
Məhkəmənin növbəti prosesi 28 apreldə davam etdiriləcək.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3
(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət
işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya
və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya
bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş
yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb,
müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan
vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.