Bakı. Trend:
“Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarə əsasən, bu qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:
həvəskar pilot;
kommersiya pilotu;
nəqliyyat pilotu;
çoxheyətli pilot;
hava şarı pilotu;
naviqator;
bort mühəndisi;
bort radiooperatoru (bort radist);
havada hərəkəti idarəetmə dispetçeri;
hava gəmisi texnikləri.
Tələbə-pilot qismində ilk uçuşa yaşı 16-dan az olmayan şəxslər buraxılacaq. Tələbə-pilotun beynəlxalq uçuşlarda uçmasına yol verilmir. Uçuş təlimatçısı tərəfindən icazə verilmədiyi və onun tərəfindən nəzarət edilmədiyi təqdirdə tələbə-pilotun təkbaşına uçması qadağandır.
Yaşı 60-dan az və 65-dən çox olmayan şəxslərin yalnız kommersiya hava daşımalarında çoxpilotlu heyət üzvü olaraq hava gəmisinin kapitanı (komanda verən pilot) qismində işləməsinə yol veriləcək. Yaşı 65 və daha çox olan pilot şəhadətnaməsi sahibinin kommersiya hava daşımalarında istifadə edilən hava gəmisinin pilotu qismində işləməsinə yol verilmir.
İlkin və ya qüvvədən düşdükdən sonra həyata keçirilən tibbi qiymətləndirmənin etibarlılıq müddəti ərizəçinin tibbi müayinədən keçdiyi gündən başlayır və aşağıdakılardan çox olmayan müddətə qüvvədədir:
- həvəskar pilot - təyyarə və helikopter üçün - 60 ay;
- kommersiya pilotu - təyyarə və helikopter üçün - 12 ay;
- nəqliyyat pilotu - təyyarə və helikopter üçün - 12 ay;
- hava şarı pilotu - 60 ay;
- naviqator (şturman) - 12 ay;
- bort mühəndisi - 12 ay;
- havada hərəkəti idarəetmə dispetçeri - 24 ay.