Bakı. Trend:
Beşinci “Yüksəliş” müsabiqəsinin 28 fevral 2025-ci il tarixində başlayan qeydiyyat mərhələsi 10 aprel 2025-ci ildə başa çatıb. Builki qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyədə nəticə göstərib.
Trend xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında deyib.
O qeyd edib ki, 10 aprel 2025-ci ildəbu müddət ərzində ümumilikdə 16 553 nəfər müsabiqəyə qatılmaq üçün müraciət edib.
"Bu göstərici ilə builki qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyədə nəticə göstərib. Qeyd edək ki, bu il müsabiqədə qeydiyyatdan keçmiş 16 553 iştirakçıdan 78 nəfərin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün məlumatların İşçi Qrupu tərəfindən yoxlanılması zamanı ləğv edilib.
Qeydiyyatdan keçən iştirakçıların 11923-ü kişi, 4630-u isə qadındır. Maraqla qarşılanan müsabiqəyə bu il 9976 nəfər ötən illərdə keçirilən müsabiqədə də iştirak etmiş namizədlər arasından təkrar müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir", - o əlavə edib.
F.Hacıyevin sözlərinə görə, ərazi bölgüsünə nəzər yetirdikdə isə namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət ediblər:
"Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56.48 %-i dövlət sektorunda, 41.05 %-i özəl sektorda, 1.49 %-i qeyri-hökumət təşkilatlarında (QHT), 0.98 %-i isə beynəlxalq qurumlarda çalışır.
Qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn mərhələnin Ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir.
Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix,
coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də
müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim
olunacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis
olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi
inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul
mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq sərəncam imzalanıb".