Bakı. Trend:
Şəhidlərimizin qanı bahasına işğaldan azad edilən torpağımıza geri qayıdırıq.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Əliyeva Almaz deyib.
Onun sözlərinə görə, 1-ci Qarabağ müharibəsində yaralı vəziyyətdə Ağdamı tərk etmək məcburiyyətində qalıb.
"Allah Prezidentimizi qorusun, çox xoşbəxt xalqıq ki, vətəndaşlarını öz yurduna qaytaran Prezidentimiz var. Şəhid analarının qarşısında baş əyirəm. Onların mərd oğulları torpaqlarımızı işğaldan azad etdilər. İndi 73 yaşımda oğlum, gəlinim, qızım və nəvələrimlə doğma Ağdama qayıdıram", - deyə o bildirib.
Əlavə edək ki, bu gün Ağdam rayonunun Sarıcalı kəndinə 34 ailə, 141 nəfər yola salınıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.