Bakı. Trend:
Bakıda əsas yol kəsişmələrindən birində işıqforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində işıqforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub.
"Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərir və nəqliyyat sıxlığının yaranmasına səbəb olurdu.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə apardıqları təhlillər nəticəsində kəsişmədə olan işıqforun vaxt planında dəyişiklik edilərək, qurğunun yaşıl işığın müddəti səhər və axşam saatlarında 5 saniyə artırılıb. Nəticədə bu yolda nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub", - deyə məlumatda qeyd edilib.